Alt Paleolit

Alt paleolit — ilk insan tipinin (bacarıqlı insanın) yaranmasından başlayaraq 100 min il bundan əvvələ qədər davam etmişdir.

Bəşər tarixinin ilkin inkişaf mərhələsi ibtidai icma quruluşu adlanır və şərti olaraq daş, tunc və dəmir dövrlərinə bölünür.[1] Daş dövrü Paleolit (qədim daş), Mezolit (orta daş), Neolit (yeni daş) və Eneolit (mis–daş) dövrlərinə bölünür.

İbtidai insanlar kiçik qruplar, dəstələr halında yaşayırdılar. Belə kiçik kollektivlər ibtidai insan "sürüsü" və ya ulu icma adlanır. Ulu icma kortəbii şəklində, təbiət hadisələri qarşısında aciz qalmamaq məcburiyyətindən yaranmışdır. Belə kollektivlər daimi deyildi. Onlar tez-tez dağılır, sonra yeniləri yaranırdı. Ulu icma ibtidai icma quruluşunun ilk pilləsində meydana gəlmiş və qəbilə icması formalaşanadək davam etmişdir.[2]

Bu dövr insanlarının həyat tərzi Qarabağın Quruçay vadisində, Füzuli şəhəri yaxınlığında yerləşən Azıx mağarasında öyrənilmişdir.[3] Ona görə də burada formalaşan mədəniyyət Quruçay mədəniyyəti adlanır.

Azıx mağarası

Mağara 1968-cı ildə və ya 1960-cı illərdə Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovun tərəfindən aşkar edilmişdir.[4] Mağaradan nəsli kəsilmiş müxtəlif vəhşi heyvanların sümükləri də tapılmışdır. Bu sümüklərə əsasən, qədim insanların ovladığı vəhşi heyvanların növləri müəyyənləşdirilmişdir. Ov ilk vaxtlar sadə üsullarla edilirdi. İbtidai insanlar, əsasən xırda heyvanları və iri heyvanların balalarını ovlayırdılar. Onlar yeməli yabanı bitkiləri və giləmeyvələri də yığırdılar. İnsanlar təbiətin hazır məhsullarını mənimsəyirdilər. Belə təsərrüfat (ovçuluq və yığıncılıq) mənimsəmə təsərrüfatı adlanır.[5]

Azıx mağarasında 1968-ci ildə ibtidai insanın alt çənə sümüyünün qalığı tapılmışdır. Bu, dünyada ən qədim belə tapıntılardan dördüncüsüdür. Antropoloqlar[a] həmin ibtidai insanı Azıxantrop, yəni "Azıx adamı" adlandırırmışlar. Azıxantroplar 350–400 min il bundan əvvəl yaşamışlar. Azıx adamının çənə sümüyü Azərbaycanın qədim insanının formalaşdığı ərazilərdən biri olduğunu sübut edir.[2]

Qədim insanların oddan istifadə etməsi onların həyatında çox mühüm hadisə olmuşdur. İlk vaxtlar ildırım çaxması və ya üzvi maddələrin öz-özünə yanması nəticəsində əmələ gəlmiş təbii oddan istifadə edilmişdir. Sonralar insanlar quru ağac parçalarını, çaxmaqdaşını bir-birinə vurmaqla od əldə etməyi öyrənmişlər. Azıx mağarasında 700 min il bundan əvvələ aid ocaq izləri vardır. Ocaqdan isinmək, yemək hazırlamaq və vəhşi heyvanlardan qorunmaq üçün istifadə olunurdu.[2]

Azıx adamları tədricən ətraf mühiti dərk etmiş, ibtidai dini təsəvvürlər yaranmış və onlar sadə incəsənətlə məşğul olmuşlar. Azıx mağarasında tapılmış ayı kəllərindən bəzilərinin üzərində müəyyən işarələr cızılmışdır. Bu, sadə dini ayinlərin və totemlərin (heyvanlara inam) yaranması ilə bağlıdır.[6]

Alt paleolit dövrünün sonunda əmək alətlərinin yeni növləri meydana gəlmişdir. Həmin alətlər, əsasən çaxmaqdaşı və vulkanik şüşə — dəvəgözündən hazırlanmışdır. Daş nüvədən (nukleus) qoparılmış qəlpələrdən dişli, ucu oymalı, qaşov tipli alətlər, kəsicilər hazırlanmışdır.[7]

  1. Vəli Vəliyev, İlyas Babayev, Hidayət Cəfərov, Aida Məmmədova, Yusif Yusifov. Azərbaycan tarixi. Bakı: 2005. 2012. səh. 9.
  2. 1 2 3 Vəli Vəliyev, İlyas Babayev, Hidayət Cəfərov, Aida Məmmədova, Yusif Yusifov. Azərbaycan tarixi. Bakı: 2005. 2012. səh. 12.
  3. Vəli Vəliyev, İlyas Babayev, Hidayət Cəfərov, Aida Məmmədova, Yusif Yusifov. Azərbaycan tarixi. Bakı: 2005. 2012. səh. 10.
  4. SEVİNC ŞAHHÜSEYNOVA. "AZƏRBAYCAN ƏRAZİSİNDƏ PALEOLİT DÖVRÜ İNSANLARININ ESTETİK TƏSƏVVÜRLƏRİ" (az.). tanisolaq.wordpress.com. 2016-01-29. 2019-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-12.
  5. Vəli Vəliyev, İlyas Babayev, Hidayət Cəfərov, Aida Məmmədova, Yusif Yusifov. Azərbaycan tarixi. Bakı: 2005. 2012. səh. 11.
  6. Vəli Vəliyev, İlyas Babayev, Hidayət Cəfərov, Aida Məmmədova, Yusif Yusifov. Azərbaycan tarixi. Bakı: 2005. 2012. səh. 13.
  7. Vəli Vəliyev, İlyas Babayev, Hidayət Cəfərov, Aida Məmmədova, Yusif Yusifov. Azərbaycan tarixi. Bakı: 2005. 2012. səh. 15.


Sitat səhvi: " lower-alpha " adlı qrup üçün <ref> teqləri mövcuddur, lakin müvafiq <references group="lower-alpha"/> teq tapılmadı


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search